Əsas məzmuna keç
Kulis
GateCrewtezlikləNecə işləyirQiymətlər
Daxil ol
AZRUEN
Daxil olDemo istəDemo

İstifadə şərtləri

Son yenilənmə: 8 noyabr 2026

Bu şərtlər Kulis platformasından istifadə qaydalarını müəyyən edir və "CAFE DEL MARK" MMC («Kulis», «biz») ilə xidmətdən istifadə edən təşkilat («Müştəri», «siz») arasında müqavilədir.

Məzmun

  1. Ümumi müddəalar
  2. Xidmət
  3. Hesablar və istifadəçilər
  4. Demo hesab
  5. Paketlər və ödəniş
  6. Müştərinin öhdəlikləri və iştirakçı məlumatları
  7. Qəbuledilməz istifadə
  8. Əlçatanlıq və dəstək
  9. Əqli mülkiyyət
  10. Konfidensiallıq
  11. Məsuliyyətin məhdudlaşdırılması
  12. Müddət, xitam və məlumatların qaytarılması
  13. Şərtlərin dəyişdirilməsi
  14. Tətbiq olunan hüquq və mübahisələr
  15. Əlaqə

1. Ümumi müddəalar

Hesab yaratmaqla, sifarişi təsdiqləməklə və ya hesab-fakturanı ödəməklə Müştəri bu şərtləri, Məxfilik siyasətini və Məlumatların emalı müqaviləsini (DPA) qəbul edir.

Kulis işgüzar xidmətdir: hüquqi şəxslər, fərdi sahibkarlar və tədbir təşkil edən digər təşkilatlar üçün nəzərdə tutulub. Şərtləri Müştərinin adından qəbul edən şəxs bunun üçün səlahiyyəti olduğunu təsdiqləyir.

Tərəflər arasında ayrıca imzalanmış müqavilə varsa və onun müddəaları bu şərtlərdən fərqlənirsə, imzalanmış müqavilə üstündür.

2. Xidmət

Kulis Gate tədbirlər üçün onlayn qeydiyyat, biletlər (email və PDF), QR kodla check-in, badge çapı, Excel import və export, iştirakçılara məktublar və seçilmiş paketdən asılı olaraq digər imkanlar (çoxgünlü tədbirlər, sessiyalar, xatırlatmalar, API) təqdim edir. Hər paketin tərkibi saytdakı qiymətlər bölməsində göstərilir.

Kulis Crew hazırlanır və istifadəyə verilənə qədər bu şərtlərin predmeti deyil.

Xidməti daim təkmilləşdiririk. Ödənilmiş müddət ərzində paketə daxil olan əsas imkanları əhəmiyyətli dərəcədə azaltmırıq.

3. Hesablar və istifadəçilər

  • Müştərinin administratoru komanda üzvlərini dəvət edir və onlara rol təyin edir.
  • Giriş məlumatlarını gizli saxlayın və iki faktorlu autentifikasiyanı aktivləşdirin. Hesab altında edilən əməliyyatlara görə Müştəri cavabdehdir.
  • Hesaba icazəsiz giriş və ya təhlükəsizlik problemi barədə dərhal [email protected] ünvanına xəbər verin.

4. Demo hesab

Kulis-də pulsuz paket yoxdur. Sistemi tanımaq üçün 14 günlük demo hesab açırıq: hazır demo tədbirdə qeydiyyatdan check-inə qədər bütün axını yoxlaya bilərsiniz.

Demo hesabda yalnız uydurma məlumatlardan istifadə edin — real iştirakçıların məlumatlarını yükləməyin. 14 gün bitəndə demo hesab yalnız baxış rejiminə keçir, demo məlumatlar isə silinə bilər.

5. Paketlər və ödəniş

Qiymətlər bir tədbir üçündür və iştirakçı sayından asılıdır:

  • Start — 499 ₼, 300 iştirakçıya qədər;
  • Pro — 899 ₼, 1 000 iştirakçıya qədər;
  • Forum — 1 690 ₼, 3 000 iştirakçıya qədər;
  • Fərdi — 3 000-dən çox iştirakçı, öz brendiniz, illik müqavilə; qiymət razılaşma ilə.

Sifariş zamanı qüvvədə olan qiymət tətbiq olunur. Saytdakı qiymətlərin sonradan dəyişməsi artıq ödənilmiş sifarişlərə təsir etmir.

Onlayn ödəniş istifadəyə verilənə qədər ödəniş hesab-faktura əsasında bank köçürməsi ilə aparılır. Ödəniş müddəti hesab-fakturada göstərilir; tədbir üçün ödənişli imkanlar ödənişdən sonra və ya tərəflərin razılaşdırdığı qaydada aktivləşdirilir. Vergilər Azərbaycan qanunvericiliyinə uyğun tətbiq olunur və hesab-fakturada göstərilir.

Tədbirdə iştirakçı sayı paketin limitini keçərsə, növbəti paketə keçid və ya fərdi şərtlər razılaşdırılır.

Tədbir üçün qeydiyyat açılmazdan əvvəl sifariş ləğv edilərsə, ödəniş tam qaytarılır. Qeydiyyat açıldıqdan sonra ödəniş qaytarılmır — xidmətin Kulis-in təqsiri ilə göstərilmədiyi hallar istisnadır.

Bilet satışından gələn vəsait birbaşa təşkilatçının qoşduğu ödəniş provayderinə daxil olur. Kulis bilet satışının tərəfi deyil: iştirakçılara geri ödəniş, bilet şərtləri və bu gəlirdən vergilər təşkilatçının məsuliyyətidir.

6. Müştərinin öhdəlikləri və iştirakçı məlumatları

İştirakçı məlumatlarının nəzarətçisi Müştəridir, Kulis isə onları Müştərinin adından emal edir. Müştəri:

  • məlumatların toplanması və emalı üçün qanuni əsasa malik olur;
  • iştirakçıları öz məxfilik siyasəti və qeydiyyat formasındakı şərtlər vasitəsilə məlumatlandırır, lazım olduqda — o cümlədən marketinq məktubları üçün — razılıq alır;
  • yalnız tədbir üçün lazım olan məlumatları toplayır və onların düzgünlüyünə cavabdehdir;
  • iştirakçıların sorğularına (tanışlıq, düzəliş, silinmə) cavab verir; bunun üçün platformada axtarış, redaktə, export və anonimləşdirmə alətləri var;
  • export etdiyi faylların qorunmasına cavabdehdir.

Məlumatların emalı müqaviləsi (DPA) bu şərtlərin ayrılmaz hissəsidir.

7. Qəbuledilməz istifadə

Aşağıdakılar qadağandır:

  • qanunsuz tədbirlər və ya qanunsuz məzmun üçün istifadə;
  • spam — məktublar yalnız qeydiyyatdan keçmiş iştirakçılara və ya razılıq vermiş şəxslərə göndərilir;
  • zərərli kod yükləmək, təhlükəsizlik tədbirlərindən yan keçməyə, başqa müştərilərin məlumatlarına daxil olmağa cəhd etmək;
  • razılığımız olmadan zəiflik və ya yük testi aparmaq — tapdığınız zəiflik barədə [email protected] ünvanına yazın;
  • platformanın tərsinə mühəndisliyi, kopyalanması və ya razılaşma olmadan yenidən satışı;
  • forma sahələrində bank kartı məlumatlarını və qanuni əsas olmadan xüsusi kateqoriyalı məlumatları (sağlamlıq, din və s.) toplamaq.

Bu qaydalar pozulduqda xəbərdarlıq etdikdən sonra, təhlükəsizlik riski və ya qanun pozuntusu olduqda isə dərhal hesaba girişi dayandıra bilərik.

8. Əlçatanlıq və dəstək

Xidmətin fasiləsiz işləməsi üçün ağlabatan səy göstəririk, amma fərdi müqavilədə başqa şərt yoxdursa, müəyyən əlçatanlıq faizinə (SLA) zəmanət vermirik.

Planlı texniki işlər barədə əvvəlcədən xəbər veririk və onları bizə məlum olan tədbir günlərinə təyin etmirik.

Dəstək: [email protected], +994 51 51 234 51, iş günləri 10:00–19:00 (Bakı vaxtı). Forum paketində dəstək prioritetlidir, Fərdi paketdə şəxsi menecer təyin olunur.

Tövsiyə edirik ki, tədbirdən əvvəl iştirakçı siyahısını export edəsiniz — tədbir yerində internet və ya cihaz problemi olarsa ehtiyat kimi lazım olar.

9. Əqli mülkiyyət

Platforma, onun proqram təminatı, dizaynı və Kulis nişanı "CAFE DEL MARK" MMC-yə məxsusdur. Müştəri yalnız bu şərtlər çərçivəsində istifadə hüququ alır.

Müştəri öz məzmununa və məlumatlarına olan hüquqları saxlayır və xidməti göstərmək üçün onları emal etməyimizə icazə verir.

Biletlərdə və public səhifələrdə «Powered by Kulis» qeydi göstərilir; öz brendinizlə işləmək Fərdi paketdə mümkündür.

10. Konfidensiallıq

Tərəflər əməkdaşlıq zamanı bir-birindən aldıqları açıq olmayan məlumatları gizli saxlayır və onlardan yalnız bu şərtlərin icrası üçün istifadə edir.

11. Məsuliyyətin məhdudlaşdırılması

  • Xidmət qanunun icazə verdiyi həddə «olduğu kimi» təqdim olunur.
  • Dolayı zərərə, əldən çıxmış gəlirə, tədbirin ləğvinə və ya nüfuza dəyən zərərə görə məsuliyyət daşımırıq.
  • Müştərinin seçdiyi üçüncü tərəf xidmətlərinin (SMTP server, ödəniş provayderi), tədbir yerindəki internetin və Müştərinin cihazlarının işinə görə məsuliyyət daşımırıq.
  • Bizim ümumi məsuliyyətimiz Müştərinin zərərə səbəb olan tədbir üçün ödədiyi məbləğlə, Fərdi müqavilədə isə zərərdən əvvəlki 12 ayda ödənilmiş məbləğlə məhdudlaşır.
  • Bu məhdudiyyətlər qanunla məhdudlaşdırıla bilməyən məsuliyyətə (məsələn, qəsdən vurulan zərərə) şamil edilmir.

12. Müddət, xitam və məlumatların qaytarılması

Şərtlər hesab açıldığı andan qüvvəyə minir və hesab bağlanana qədər qüvvədə qalır. Müştəri hesabı istənilən vaxt bağlaya bilər; artıq ödənilmiş məbləğlər «Paketlər və ödəniş» bölməsindəki qaydaya uyğun qaytarılır.

Müştəri bu şərtləri əhəmiyyətli dərəcədə pozarsa və xəbərdarlıqdan sonra pozuntunu aradan qaldırmazsa, hesabı bağlaya bilərik.

Hesab bağlandıqdan sonra 30 gün ərzində Müştəri məlumatlarını export edə bilər. Bu müddətdən sonra məlumatlar 30 gün ərzində silinir; ehtiyat nüsxələrdə ən çox 30 gün əlavə qalır. Qanunla saxlanması tələb olunan sənədlər (məsələn, hesab-fakturalar) istisnadır.

13. Şərtlərin dəyişdirilməsi

Şərtləri yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər barədə Müştərilərə ən azı 14 gün əvvəl email ilə xəbər veririk. Dəyişiklik qüvvəyə mindikdən sonra xidmətdən istifadəni davam etdirmək yeni şərtlərin qəbulu deməkdir. Artıq ödənilmiş sifarişlərin qiyməti dəyişmir.

14. Tətbiq olunan hüquq və mübahisələr

Bu şərtlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur. Mübahisələr əvvəlcə danışıqlar yolu ilə həll edilir; razılıq əldə olunmazsa, Azərbaycan Respublikasının məhkəmələrində baxılır.

15. Əlaqə

"CAFE DEL MARK" MMC, Bakı, Azərbaycan

Email: [email protected] · Telefon: +994 51 51 234 51

Ana səhifəyə qayıt

Kulis
Daxil olMəxfilik siyasətiİstifadə şərtləriEmal müqaviləsi (DPA)[email protected]+994 51 51 234 51
© 2026